Albaniyada turizm zəif inkişaf etmişdir. Ancaq kifayət qədər yüksək inkişaf tempinə malikdir. İllik turist axını cəmi 60–80 min nəfərdir. Əsas turizm mərkəzləri Albaniyanın cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır. Albaniya Milli Statistika İnstitutunun 2009-cu ilə olan məlumatına görə ölkədə 5888 nömrə və 11 932 yataq yerinə malik 369 otel mövcuddur. 2009-cu ildə ölkəni 1,5 milyon xarici turist ziyarət etmiş, onlardan təxminən 236 mini otellərdə qalmışdır[1].
Albaniyada turistləri Qədim Yunanıstan və Roma, eləcə də Osmanlı İmperiyası dövrünün zəngin tarixi abidələri, Soyuq müharibə illərinin artefaktları, təmiz çimərlikləri, dağ cığırları, alban mətbəxi cəlb edir. ABŞ-nin onlayn nəşri olan "Huffington Post" 2013-cü ildə Albaniyaya səfər etməyin 10 səbəbini göstərmişdir[2]. Son zamanlar Albaniyanı "Aralıq dənizinin yeni sevgisi", "Avropanın sonuncu sirri" adlandırırlar[3].
Ölkəyə xarici turistlərin əksəriyyəti Kosovo, Makedoniya, Monteneqro, Yunanıstan və İtaliyadan gəlir.[4]. Həmçinin Polşa, Çexiya, eləcə də Qərbi Avropadan — Almaniya, Belçika, Niderland, Fransa və Skandinaviya ölkələrindən gələnlər də üstünlük təşkil edir[5].
Ölkədə turizmin inkişafına bir çox amillər təsir göstərir. Keyfiyyətsiz yollar və məişət xidməti, qeyri-qanuni tikililər, tez-tez rast gəlinən böyük zibilliklər. Bundan başqa, torpaqlar üzərində mülkiyyətin nizamlanmaması da böyük təsirə malikdir. Son zamanlar Avropa İttifaqının dəstəyi ilə yolların bərpası və yenidən qurulması prosesi sürətlənmiş, xarici investorların ölkəyə sərmayə yatırması çoxalmışdır.