Arekipa (Arequipa) – Perunun ən böyük ikinci şəhəri. Ölkənin cənubunda yerləşir. Arekipa departamentinin inzibati mərkəzi. Əhalisi 844 min (2005). Sakit okean sahilindən 80 km aralı, Misti vulkanının ətəyində, təqr. 2300 m hündürlükdə yerləşir. Mühüm nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Cənubi Perunun əsas ticarət, sənaye və mədəniyyət mərkəzidir. 1540-cı ildə ispan konkistadoru F. Pisarro tərəfindən inklərin qədim şəhəri işğal edildikdən sonra yerində istehkamlı yaşayış məntəqəsi Arekiba salınmışdır. Sənayesində yeyinti, yüngül, kimya, qara metallurgiya, maşınqayırma və metal emalı üstündür. Xidmət sahələri, yun ticarəti inkişaf etmişdir. K.t. r-nu mərkəzidir. Yaxınlığında mis filizi hasil edilir. Universitet, 16–18 əsrlərə aid memarlıq abidələri var.[1]