Avtotamamlama və ya avtodoldurma — tətbiqin istifadəçinin yazdığı sözün qalan hissəsini təxmin etdiyi xüsusiyyət. Android və iOS smartfonlarında buna "təxmin edilən mətn" deyilir. Qrafik istifadəçi interfeyslərində istifadəçilər adətən təklif edilən mətni qəbul etmək üçün tab düyməsini və ya bir neçəsi arasından birini seçmək üçün aşağı ox düyməsinə basa bilərlər.
Avtomatik tamamlama mətn daxiletmə sahəsinə bir neçə simvol daxil edildikdən sonra istifadəçinin daxil etmək niyyətində olduğu sözü düzgün təxmin etdikdə insan-kompüter qarşılıqlı əlaqəsini sürətləndirir. O, məhdud sayda mümkün sözlər olan yerlərdə (məsələn əmr sətrində), daha ümumişlək sözlər istifadə olunduqda (məsələn, e-poçt yazarkən) və ya strukturlaşdırılmış və təxmin edilə bilən mətnin yazılmasında (mənbə kodu redaktorlarında olduğu kimi) daha yaxşı işləyir.
İstifadəçilər sözləri bir neçə dəfə yazdıqdan sonra bir çox avtomatik tamamlama alqoritmləri həmin sözləri öyrənir və istifadəçinin öyrənilmiş vərdişləri əsasında alternativlər təklif edə bilir.