Barbados 4-2 Qrenada (1994)

Barbados 4-2 Qrenada (1994)
əlavə vaxtda qızıl qoldan sonra
Tarix 27 yanvar 1994
Yer Barbados Milli Stadionu, Sent-Mişel, Barbados


Barbados 4-2 Qrenada oyunu – 27 yanvar 1994-cü ildə Karib Kubokunun seçmə mərhələsi çərçivəsində A qrupunda baş tutmuş oyun. Turnirdə istifadə olunan qeyri-adi qol sistemi və komandaların qrupdakı mövqeləri, oyunun sonlarında əvvəlcə Barbados millisinin, sonra isə Qrenada millisinin öz qapısına qol vurmağa cəhd etməsinə gətirib çıxarmışdır. Nəticə "futbol tarixinin ən qəribə oyunu" kimi tanınmışdır.[1][2]

Turnirin təşkilatçıları reqlamentdə yeni dəyişiklik etmişdilər. Qrupda hər bir oyunun heç-heçə başa çatması halında əlavə vaxt oynanılacaqdı. Əlavə vaxtda vurulan qızıl qol isə 1 qol yox, 2 qol kimi sayılacaqdı. Barbados millisinin növbəti mərhələyə keçməsi üçün 2 qol fərqi ilə qalib gəlməsi lazım idi. Oyunun sonlarında 2-1 hesabı ilə öndə olan Barbados oyunu əlavə vaxta daşıyıb 2 qol qaydasından yararlanmaq üçün öz qapısına qol vurmuşdur.[1] Həm bir qol fərqi ilə məğlubiyyət (2-3), həm də qələbə (3-2) Qrenada millisini növbəti mərhələyə çıxaracağından oyunun son 7 dəqiqəsində Qrenada millisi həm öz qapısına, həm də Barbadosun qapısına qol vurmağa cəhd etmişdir. Lakin Barbados hər iki qapını müdafiə edə bilmiş, əlavə vaxtda vurduğu qızıl qolla istədiyinə nail olmuşdur.

  1. 1 2 "Who are the greatest runners up?". The Guardian. May 24, 2011. May 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2012.
  2. Gardiner, Simon. Sports Law. London: Routledge Cavendish. 2005. 73–74. ISBN 1-85941-894-5.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne