Dinamo Zaqreb FK

Dinamo Zaqreb
Dinamo Zagreb
Loqonun şəkli
Klubun tam adı Gradjanski nogometni klub Dinamo Zagreb (Dinamo Zaqreb vətəndaş futbol klubu)
Ölkə
Ləqəb(lər) Modri, Plavi ("Mavilər")
Purgeri ("Vətəndaşlar")
Kodu Dinamo, ZGB
Yaranma tarixi 26 aprel 1911-ci il; "XŞK Qradjyanski"
9 iyun 1945 (79 il əvvəl) (1945-06-09); "FD Dinamo"
Stadionu Maksimir stadionu
Tutumu 35 123 nəfər (zəlzələnin vurduğu zərər səbəbi ilə 24 851-ə enib)
Prezidenti Velimir Zayets
Menecer Nenad Byelitsa
Baş məşqçisi
Liqa Xorvatiya Futbol Liqası
2023–24 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GNK Dinamo Zaqreb (tam adı: Qradjyanski noqometni klub Dinamo Zaqreb (xorv. Građanski nogometni klub Dinamo Zagreb)), Dinamo Zaqreb və ya sadəcə Dinamo— Xorvatiyanın Zaqreb şəhərini təmsil edən peşəkar futbol klubu. Klub ev oyunlarını Maksimir stadionunda oynayır. "Dinamo" iyirmi beş dəfə Xorvatiya Futbol Liqasının (Prv HNL), on altı dəfə Xorvatiya Kubokunun, səkkiz dəfə Xorvatiya Super Kubokunun və bir Şəhərlərarası Yarmarka Kubokunun qalibi olaraq Xorvatiya futbolunun ən uğurlu klubudur. Klub 1946-cı ildən 1991-ci ilə qədər Yuqoslaviya Birinci Liqasının, daha sonra isə 1993-cü ildə yarandığı gündən bəri Xorvatiya Futbol Liqasının üzvü olmuşdur.

İkinci Dünya Müharibəsinin sonunda Yuqoslaviyanın yeni kommunist hökuməti "XŞK Qradjyanski" kimi Xorvat klublarını faşist və millətçi hesab edirdi. Buna səbəb bu klubların müharibə zamanı Məhvər dövlətlərinin üzvü olan keçmiş Müstəqil Xorvatiya Dövlətinin hakimiyyəti altında fəaliyyət göstərmiş olmaları idi. Beləliklə, bu bklublar rəsmi olaraq ləğv edilmiş və 1945-ci ildə "XŞK Qradjyanski"nin qeyri-rəsmi varisi kimi "FD Dinamo" futbol klubub təsis edildi. Onlar Yuqoslaviya Birinci Liqasının ilk mövsümündə, 1946-47 mövsümündə oynayaraq ikinci yeri tutdular. Klub 1947-48 mövsümünü isə Yuqoslaviya çempionu kimi başa vurdular ki, bu da onların ilk böyük kuboku idi. Klub bundan sonra liqada daha üç dəfə, Yuqoslaviya Kubokunda isə yeddi dəfə qələbə qazanıb. Yuqoslaviyanın dağılması və Xorvatiya futbol liqa sisteminin formalaşması ilə Dinamo 1991-ci ildə Yuqoslaviya liqasını tərk etdi. “Dinamo” 1966-67 Yarmarkalar Kubokunda finalda "Lids Yunayted"i məğlub edib qələbə qazanaraq bu günə qədər Avropa kubokunu qazanmış yeganə Xorvatiya klubu olmuşdur. Onlar daha əvvəl eyni turnirdə 1963-cü ildə "Valensiya"ya uduzaraq ikinci yeri tutmuşdular.

1990-cı illərin əvvəllərinə qədər klubun yaranma ili 1945-ci il hesab edilsə də, Yuqoslaviyanın parçalanması zamanı yaranan siyasi qarışıqlıqlar zamanı klub İkinci Dünya Müharibəsindən əvvəlki "Qradjyanski Zaqreb" və "XAŞK" klublarına birbaşa nəsil iddiası irəli sürməyə başladı. Bunu əks etdirmək üçün klub 1991-ci ilin iyununda "XAŞK Qradjyanski" adlandırıldı və 1993-cü ilin fevralında "Xorvatiya Zaqreb" adlandırılana qədər bu ad istifadə edildi. Klub bu dövrdə beş liqa titulu daha əldə etdi və 14 fevral 2000-ci ildə daha çox tanınan "Dinamo Zaqreb" adına geri qayıtmazdan əvvəl UEFA Çempionlar Liqasının 1998-99 və 1999-2000 sezonlarının qrup mərhələlərində bu adla iştirak etdilər. Klubun adı bir müddət gündəmdən uzaqlaşsa da, 2011-ci ildə klub rəhbərliyi yenidən "Dinamo"nun "Qradjyanski" klubunun (1911-ci ildə qurulub 1945-ci ildə ləğv edilmiş) birbaşa ardıcılı olduğunu iddia etməyə başladı və həmin ilin aprelində klubun rəsmi adının başına " Qradjyanski" ifadəsi artırıldı. Nəticədə klub indiki "GNK Dinamo" (xorv. Građanski nogometni klub Dinamo – "Dinamo vətəndaş futbol klubu") adını aldı.

Komandanın ənənəvi rəngi son dövrlərdə Avropa matçları üçün daha tünd göy ilə əvəz edilən kral mavisidir. Klubun ən böyük rəqibi Hayduk Splitdir və bu iki komanda arasındakı matçlar "Əbədi Derbi" adlanır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne