Elastiklik — xarici qüvvələrin təsiri ilə forma və ölçüsünü dəyişən və qüvvələrin təsiri kəsildikdən sonra əvvəlki konfiqurasiyasını alan cisimlərin xassəsi.
Əksər materialların (məsələn, metallarda, dağ süxurlarında, keramikada) kiçik deformasiyaları zamanı gərginliklər və deformasiyalar arasındakı asılılıq xəttidir və onu ümumiləşmiş Huk qanunu ilə təsvir etmək olar. Elastiklik modulunu bəzi universal funksiyalarla əvəz etməklə qeyri-xətti elastiklik qanunlarını ümumiləşmiş Huk qanununa oxşar formada vermək mümkündür.
Cisimlərin elastikliyi onları təşkil edən atomların qarşılıqlı təsir qüvvələri ilə şərtlənir. Mütləq sıfır temperaturunda xarici gərginliklərin olmadığı bərk cisimdə atomlar tarazlıq vəziyyətindədir. Bu halda hər bir atoma qalan digər atomlar tərəfindən təsir edən bütün qüvvələrin cəmi sıfıra, atomun potensial enerjisi isə minimuma bərabər olur. Çoxatomlu molekullarda və makroskopik cismlərdə yalnız atomlar arasındakı məsafədən asılı olan cazibə və itələmə qüvvələrindən (mərkəzi qüvvələr) başqa, verilmiş atomu onun müxtəlif qonşuları ilə birləşdirən düz xətlər arasındakı valent bucaqlarından asılı mərkəzi olmayan qüvvələr də təsir edir. Valent bucaqlarının tarazlıq qiymətlərində mərkəzi olmayan qüvvələr də tarazlaşır. Makroskopik cismin enerjisi atomlararası məsafədən və valent bucaqlarından asılı olub bu parametrlərin tarazlıq qiymətlərində minimum qiymət alır.
Xarici qüvvələrin təsiri ilə atomlar tarazlıq vəziyyətindən çıxaraq yerlərini dəyişirlər. Cismin formasının və həcminin dəyişməsinə səbəb olan həmin qüvvələrin gördüyü iş qədər bu cismin potensial enerjisi artır.
Xarici qüvvələrin təsiri kəsildikdən sonra elastik cisim öz-özünə tarazlıq vəziyyətinə qayıdaraq əvvəlki konfiqurasiyasını alır. Cisimdə toplanan artıq potensial enerji rəqs edən atomların kinetik enerjisinə, yəni istiliyə çevrilir.
Mayelər (həmçinin də qazlar) elastiki formaya deyil, yalnız elastiki həcmə malikdirlər: həcmin kiçilməsi tətbiq edilən təzyiqlə mütənasibdir.
Qazların atom və ya molekulları arasındakı orta məsafə kifayət qədər böyük olur. Qazların (buxarların) elastikliyi onun həcmini məhdudlaşdıran qabın divarları ilə toqquşan molekulların istilik hərəkəti ilə təyin edilir.