Eqnati yolu və ya Via Egnasiya[1] (lat. Via Egnatia) — Yunanıstanın Roma tərəfindən zəbt edilməsindən (e.ə. 146) qısa müddət sonra Balkanlardan keçən və Adriatik sahilindəki Dirraxi və Apolloniya ilə Egey sahilindəki Salonikanı birləşdirən Roma yolu. Sonradan Konstantinopola qədər uzanmış, Roma imperiyasının köhnə və yeni iki paytaxtı arasında əsas əlaqə yolu, həmçinin Qədim Romada mühüm iqtisadi marşrut kimi xidmət etmişdir. Yolun tikintisinə e.ə. 145-ci ildə başlanmış və 44 il davam etmişdir.