Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərait nəticəsində qorunaraq dövrümüzə qədər çatan izidir. Fosillər bəzən canlının bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (bunlar iz fosil adlanır) dövrümüzə qədər gəlib çatmasıdır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. Ölən heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitki, əsasən, palçıq təbəqəsi ilə örtülərək ani şəkildə sürətlə gömülməlidir. Bu gömülmədən sonra kimyəvi proses başlayır. Bu prosesdə baş verən mineral dəyişikliyi ilə fosil qorunur.
Fosillər canlılar tarixinin ən mühüm dəlillərindəndir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlıların tarixi və quruluşu haqqında əsaslı məlumat verir. Fosillər canlılar haqqında məlumatla yanaşı, materik təbəqələrinin hərəkətinin Yer kürəsinin səthini necə dəyişdirməsi, Yer kürəsində tarixən hansı iqlim dəyişiklikləri baş verməsi haqqında da mühüm məlumatlar verir.