Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib.
Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə boyayaraq yeni erasına başlayıb. Yeni albom çıxaracağını bəyan etməyə hazırlaşan Ayliş bir çox şəhərlərin mərkəzi küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı görüntüləndiyi videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib.