kipu | |
---|---|
Dillər | keçua, aymara (Kolya krallığı), pukina? |
Yarandığı yer | Mərkəzi Andlar, Karal |
Ərazi | Karal, Parakas, Uari, Kolya (Aymara), İnklər imperiyası |
Yaradan | İnka Mayta Kapaka[1] zəmanəsinin müdriki - əfsanəvi İlya |
Yaranma tarixi | e.ə III-cü minillik |
Dövr | e.ə III-cü minillik[2] - e. XVIII-ci əsri[3] (bəzi növləri indiyədək istifadə olunur) |
Status | rəqəmsal işarələr və rəng anlayışlarının bir hissəsi deşifrə edilib, yazı işarələri - edilməyib |
İşarələri | müəyyən edilməyib |
Mənşəyi | Dəqiq bilinmir |
Vikianbarda əlaqəli mediafayllar |
Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino"[4] – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi[5] və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi[6].
Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal[7] (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə[8] təsadüf etdiyi müəyyən olunmuşdu. Bu səbəbdən kipu bəşəriyyətin ən qədim (şumer mixi yazıları və misir ieroqliflərindən sonra) yazı növlərindən kimi qəbul edilə bilər[9]. Bu tapıntıdan öncə əldə olan ən qədim kipunun radiokarbon analizi vasitəsilə eramızın 779–981-ci illərə təsadüf etdiyi müəyyən olmuşdu. Bu tarixlər arasındakı belə böyük fasilə hələ də tarixçilər tərəfindən izah edilməyib.
Yazılı mənbələrdə kipu haqda ilk məlumata 1533-cü ildə konkistador Ernando Pisarro tərəfindən yazılmış və kral audiyensiyası üçün Santo-Dominqo şəhərinə göndərilən "Məktubda" rast gəlmək olur[10]. Konkistador məktubunda yazır:
Onlar (hindular) bir neçə ipdə (düyünlənmiş) düyünlərin köməyi ilə sayırdılar...onların odun, qarğıdalı və qalan şeyləri saxlamaq üçün ambarları var; və onlar (hindular) iplərindəki düyünlərin köməyi ilə hər bir qəbilə başçısının gətirdiyinin sayını aparırlar. |
Ernando Pisarro kipu ilə ilk dəfə Ataualpanın həyatı qarşılığında vəd edilən canpulunun bir hissəsini təşkil etmiş Paçakamak məbədinin xəzinəsini götürmək üçün gedəndə rastlaşmışdı. Məhz o, kipunun gəlirlərin və xərclərin hesablanması üçün istifadə edildiyini qeyd etmişdi.
1923-cü ildə amerikalı tarixçi Lesli Lelan Lok "The ancient quipu" kitabında inklərin düyün sarmaşıqlarının həqiqətən də yazı növü olduğunu sübut etmişdi[11]. 2006-cı ildə amerikalı araşdırmaçı Qeri Erton (Gary Urton) kipu düyünlərində, daha çox binar sistemə bənzəyən, hansısa şifrə olduğunu aşkar edir; şifrə 27=128 variyasiyaya imkan verir[12]. Bəşəriyyət tarixində ilk dəfə kipu ikili qeyd kimi mühasibat uçot növünü tətbiq etməyə imkan vermişdi[13].