Maskirovka (rus. маскировка, hərf. "maskalanma")[1] — XX əsrin əvvəllərindən hazırlanmış hərbi doktrina. Doktrina hərbi maskalanma üçün kamuflyajdan tutmuş inkar və kələyə qədər geniş spektrli tədbirləri əhatə edir.
Aldadıcı tədbirlərə gizlətmə, duzaqlar və saxta hədəflərlə mimikriya, aldatmağa yönəlmiş manevrlər, inkar və dezinformasiya daxildir. 1944-cü il "Soviet Military Encyclopedia" kitabında bu, "döyüş əməliyyatlarını və qüvvələrin gündəlik fəaliyyətini təmin edən vasitələr; qüvvələrin mövcudluğu və yerləşməsi ilə bağlı düşməni çaşdırmağa yönəlmiş tədbirlər kompleksi" kimi ifadə edilir.[2] Doktrinanın sonrakı versiyalarına taktiki, strateji, milli və beynəlxalq məqsədlərə nail olmaq və ya bunları asanlaşdırmaq üçün bütün dünyada mediaya və rəyə təsir etmək üçün "faktlar"ın, vəziyyətin və qavrayışların manipulyasiyası daxil olmaqla strateji, siyasi və diplomatik vasitələr də daxildir.[3]
Kələk Stalinqrad döyüşü, Kursk döyüşü və Baqration əməliyyatı (Belarusda) daxil olmaqla Sovet İttifaqının böyük qələbələrinə töhfə vermişdir. Bu hallarda həm hücumda, həm də müdafiədə çox böyük güc konsentrasiyasına baxmayaraq sürpriz hissi əldə edilmişdir. Doktrina Kuba raket böhranı, Praqa baharı və Krımın ilhaqı kimi hadisələrdə inkar və kələk əməliyyatları ilə sülh dövründə də tətbiq edilmişdir.