![]() | |
Kəşf edən | Con Kauç Adams[1] |
---|---|
Kəşf tarixi | 23 sentyabr 1846[2][1][…] |
Şərəfinə adlandırılıb | Neptun |
Periapsidi | 4.459.753.056 km |
Apoapsidi | 4.537.039.826 km |
Böyük yarımoxu | 4.503.443.661 ± 1 km, 4.498.396.417.009,5 m[3] |
Sinodik fırlanma dövrü | 31.751.136 san.[4] |
Orta anomaliyası | 4,5 radian[5] |
Əyilməsi | 0,030893 radian, 0,11 radian, 0,013 radian[3] |
Qalxan milinin uzunluğu | 2,300069 radian[3] |
Perisentr arqumenti | 0,784783 radian[3] |
Nəyin peykidir | Günəş |
Özünə xas ekssentrisitet | 0,009456[3] |
Qütb sıxılması | 0,0171 ± 0,0013 |
Səthinin sahəsi |
|
Həcmi | 62.540.000.000.000 km³[5] |
Kütləsi | 102.430 ± 10 yottagram |
Orta sıxlığı | 1.638 q/sm³[5] |
11 metres per second squared[5] | |
Temperatur | 72 K |
min. 7,67, maks. 8[5] | |
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet.
Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.
Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı. Neptun daha sonradan 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur. Neptun Yerdən çox uzaqda yerləşməsi səbəbindən kiçik görünür və bu da onun teleskoplarla müşahidəsini çətinləşdirir. 25 avqust 1989-cu ildə Voyacer 2 kosmik gəmisi Neptunun yaxınlığından keçərək müşahidələr aparmışdır.[6] Bundan başqa Habbl teleskopu və Yerdəki böyük teleskopların uyğun optik sistemlərindən istifadə olunaraq Neptunun uzaqdan da ətraflı müşahidəsi mümkün olmuşdur.
Neptunun tərkibi qaz nəhəngləri olan Yupiter və Saturndan fərqli olaraq Uranla oxşardır. Neptunun atmosferi Yupiter və Saturnda olduğu kimi əsasən Hidrogen və Helium olmaqla, Karbohidrogenlər və Azotdan təşkil olunduğu halda, nisbətən yüksək miqdarda olan Su, Ammonyak və Metan buzları ilə onlardan fərqlənir. Neptunun daxili Uran kimi buz və qayadan ibarətdir.[7] Bu fərqin olması səbəbindən, Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri olaraq təsnif olunmuşdur.[8] Neptunun göy rəngi planetin üst qatlarında mövcud olan Metandan qaynaqlanır.[9]
Uranın dumanlı və nisbətən durğun olan atmosferinin əksinə olaraq, Neptunun atmosferi aktivdir və hava hadisələri müşahidə olunur. Voyacer 2 kosmik gəmisinin 1989-cu ildəki uçuşu zamanı mövcud olan və Yupiterin Böyük qırmızı ləkəsinə oxşayan Böyük tünd ləkə buna örnək ola bilər. Bu hava hadisələrinin baş vermə səbəbi sürəti saatda 2100 kilometrə çatan Günəş sisteminin digər planetlərinə nəzərən ən güclü küləklərdir.[10] Günəşə uzaq olması səbəbindən planetin üst qatlarının istiliyi −218 °C-yə bərabərdir və bu göstərici ilə Neptun Günəş sistemində Urandan sonra bilinən ən soyuq planetdir. Neptunun mərkəzində istiliyin təqribən 5100 °C olduğu düşünülür.[11][12] Neptun zəif halqa sisteminə sahibdir. Planetin halqalarının olması 1960-cı illərdə məlum olsa da, Voyacer 2 kosmik gəmisi tərəfindən varlığı təsdiq olunmuşdur.[13]