Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Fallout: New Vegas (azərb. Radioaktiv yağıntı: Nyu-Veqas) və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol video oyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6). Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyğunluq funksiyasının bir parçası olaraq buraxılmışdır.
Oyunçu "kuryer" (ing. Courier) adlı bir personajı idarə edir. Kuryer Moxave səhrasından irəliləyərək Nyu-Veqas şəhərinə (indiki Las-Veqas) paket apararkən ona tələ qurulur. Paket oğurlanır və o, güllələnir. Bu insidentdən sağ çıxan kuryer onu öldürməyə cəhd edəni axtarmaq və paketi əldə etmək üçün macəraya çıxır, bir-birləri ilə vuruşan fraksiyalarda özünə dost və düşmən qazanır, özünü Nyu-Veqas şəhəri və Moxave səhrasına kimin nəzarət edəcəyini müəyyənləşdirən bir münaqişənin ortasında tapır.
"New Vegas" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun ssenari, tapşırıq və təkmilləşdirilmiş geympleyini tərifləmiş, mənfi fikirli tənqidçilər isə oyunu buraxılış zamanı mövcud olan texniki problemlərə görə pisləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.